Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı xidmətləri İordaniyada keçirilən tədbirdə xatırlanıb
Əmman, 11 may, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən anma tədbiri təşkil edib.
Əvvəlcə səfir və səfirliyin əməkdaşları Əmman şəhərində Ümummilli Liderin adını daşıyan meydana gələrək burada güllər əkiblər.
Tədbirdə Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Pakistan, Əfqanıstan, Mərakeş, Fələstin, İraq, Misir, Bolqarıstan, Gürcüstan və Hindistan səfirləri, İordaniya parlamentinin, İordaniya-Azərbaycan parlamentlərarası dostluq cəmiyyətinin, yerli KİV-in nümayəndələri, Azərbaycan diasporunun üzvləri və səfirliyin əməkdaşları iştirak ediblər.
Səfir Sabir Ağabəyov deyib ki, artıq 13-cü ildir qədirbilən Azərbaycan xalqı, dünyada yaşayan azərbaycanlılar Heydər Əliyevin doğum gününü onsuz qeyd edirlər. Səfir görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq Ümummilli Liderin müstəqil Azərbaycanın bir dövlət kimi yaşamasında müstəsna xidmətlərini qeyd edib. O, Ulu Öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu, bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr etdiyini, ölkənin çətin vaxtlarında xalqın tələbi ilə hakimiyyətə qayıdaraq məhz xalqın dəstəyinə arxalanıb Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndər Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirdi, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atdı. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində son 20 ildə Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib, dünyada nüfuzu yüksəlib, iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyulub.
Tədbir iştirakçıları Ümummilli Liderin mənalı ömrünü əks etdirən fotosərgi ilə və kitablarla tanış olublar. Sonra onlar Heydər Əliyev meydanına gələrək burada Ümummilli Liderin xatirəsini yad ediblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman