“Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı Özbəkistanda nəşr olunub
Bakı, 7 iyul, AZƏRTAC
Xalq yazıçısı, akademik Kamal Abdulla, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev və Türkiyənin tanınmış təhsil və elm xadimi Ziya Səlcuqun həmmüəllifi olduqları “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı Özbəkistanda özbək və rus dillərində nəşr edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dillər Universitetindən məlumat verilib. Bildirilib ki, “Marifat” nəşriyyatında özbək dilində çap olunan kitabı Azərbaycan dilindən Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvü N.R.Yusupbekov və professor Y.Ş.Avazov tərcümə ediblər. Rus dilində nəşr olunan kitabın tərcüməçiləri isə akademik N.R.Yusupbekov və professor Ş.M.Qulyamovadır.
Akademik N.R.Yusupbekov kitabın ön sözündə qeyd edir ki, bu nəşr oxuculara təkcə yeni elmi biliklər qazandırmır, həm də hadisələrə fərqli prizmadan yanaşmağı öyrədir. Onun sözlərinə görə, qeyri-səlis məntiq insanı hər hansı məsələyə qəti və birtərəfli yanaşmaq əvəzinə, müxtəlif ehtimalları, səbəbləri və aralıq vəziyyətləri nəzərə almağa sövq edir. Bu yanaşma isə gələcəkdə seçiləcək peşədən asılı olmayaraq hər bir insan üçün vacib bacarıqlardan hesab olunur.
Ön sözdə vurğulanır ki, qeyri-səlis məntiqin öyrənilməsi şagirdlərə gələcəyin texnologiyalarını, xüsusilə süni intellekt sahəsini daha dərindən anlamağa, mürəkkəb problemlərə rasional həll yolları tapmağa və müasir elmi nailiyyətlərlə ayaqlaşmağa imkan yaradır.
Kitab Özbəkistan oxucuları tərəfindən maraqla qarşılanıb. Nəşrdə qeyri-səlis məntiq nəzəriyyəsi uşaqlar üçün sadə və anlaşılan formada təqdim edilir, mövzular məktəb həyatı üzərindən izah olunur, bu nəzəriyyənin gündəlik həyatda, süni intellektdə və digər elm sahələrində tətbiq imkanlarına geniş yer verilir.
Əsərdə yalnız elmi biliklərin sadələşdirilmiş təqdimatı deyil, həm də erkən yaşlardan analitik və yaradıcı təfəkkürün inkişafı hədəflənir. Müəlliflər uşaqlara dünyanı sərt kateqoriyalar çərçivəsində deyil, çoxşaxəli və dinamik proses kimi dərk etməyin əhəmiyyətini izah edirlər.
Qeyd edək ki, akademik Kamal Abdulla və professor Rafiq Əliyev son illərdə dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini Azərbaycan ədəbiyyatı və humanitar elmlərinə uğurla tətbiq edirlər. Onların birgə müəllifi olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Azərbaycanda üç dəfə, həmçinin Almaniya və Türkiyədə nəşr olunaraq oxucular tərəfindən böyük maraqla qarşılanıb.
Hər iki alimin müəllifi olduqları “Qeyri-səlis məntiq və dil-nitq” kitabında isə qeyri-səlis məntiq nəzəriyyəsinin dilçiliyə tətbiqi araşdırılır, dilin təbii çoxmənalılığı və qeyri-xətti xüsusiyyətləri bu nəzəriyyə əsasında təhlil edilir.
Akademik Kamal Abdulla, professor Rafiq Əliyev və Ziya Səlcuqun həmmüəllifi olduqları “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı da uşaqlarda analitik düşüncə tərzinin, yaradıcı yanaşmanın və müasir elmi dünyagörüşün formalaşdırılmasına xidmət edən nəşrlərdən biri kimi qiymətləndirilir.