ÜST “AstraZeneca” peyvəndi ilə bağlı tərəddüdlərə münasibət bildirib
Cenevrə, 13 mart, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir sıra Avropa ölkəsində “AstraZeneca“ şirkətinin koronavirus əleyhinə peyvəndinin təhlükəsizliyinə dair tərəddüd və tənqidlərə münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq qurum bu peyvəndə qarşı hansısa tutarlı arqumentin olmadığını elan edib. Bildirilib ki, Avropa Dərman Agentliyi (EMA) mümkün yan təsirlər kimi yalnız allergik reaksiyaların, xüsusilə də anafilaktik və həssas reaksiyaların qeydiyyata alınmasını tövsiyə edib. Qeyd edilib ki, Böyük Britaniyada beş milyon peyvənd olunan şəxs arasında 41 nəfərdə anafilaktik reaksiya baş verib.
Martın 11-də Danimarka, onun ardınca isə bir sıra Avropa ölkəsi “AstraZeneca“ peyvəndinin tətbiqini 14 gün müddətinə dayandırsalar da, rəsmi qurumlar yaranmış şikayətlərin peyvəndlə birbaşa əlaqəli olduğunu isbat edə bilməyiblər.
ÜST sözçüsü Marqaret Harris bildirib ki, “AstraZeneca” hazırda istifadə olunan digər peyvəndlər kimi yüksək keyfiyyətə malikdir. Hazırda onun istifadəsini dayandırmaq üçün heç bir tutarlı arqument yoxdur. ÜST peyvəndlər barədə qərar verərkən müstəqil ekspertlərdən ibarət peyvənd komissiyasının tövsiyələrini əsas götürür. M. Harris peyvəndin tətbiqindən sonra baş vermiş yan təsirlərlə bağlı məlumatların araşdırıldığını, lakin sağlamlıq problemləri ilə peyvənd arasında birbaşa əlaqənin indiyədək müəyyən edilmədiyini diqqətə çatdırıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə