CƏMİYYƏT
ÜST: Dünya üzrə koronavirus ağırlaşmalarında dəyişiklik müşahidə olunmayıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Dünyada koronavirusun EG.5 variantının yayılması bu xəstəliyin daha ağır gedişatına gətirib çıxarmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove bildirib və hal-hazırda dünyada SARS-CoV-2-nin dominant variantının olmadığını vurğulayıb. O qeyd edib ki, bütün yayılmış variantlar xəstəliyin tam spektrinin meydana gəlməsinə səbəb ola bilər, lakin xəstəliyin ağırlaşmalarında heç bir dəyişiklik yoxdur.
Van Kerxove son ayların narahatlıq doğuran tendensiyasına - bir sıra ölkələrdə aşkar olunan koronavirus hadisələrinin sayının artmasına diqqət çəkib. “Xəstəxanalara yerləşdirilmə sayının artması daha çox narahatlıq yaradır”, - deyə o sözlərinə davam edib. Ekspert xatırladıb ki, hazırda koronavirusun omikron ştamı ilə bağlı üç variantı ÜST tərəfindən “maraq doğuran variantlar (VOI)” kateqoriyasına aid edilib. Bunlar XB.1.5, XBB.1.16 və EG.5-dir. Bununla belə, EG.5-in dünyada artım prosesi davam edir, XBB 1.5 və XBB.1.16 isə azalma mərhələsindədirlər. Van Kerkhove, dünya üzrə bu xəstəliyin hal-hazırda dominant variantının mövcud olmadığını açıqlayıb.
O, koronavirusa qarşı tədbirlərin səmərə verməsinin və bu cür profilaktik tədbirlərin sayının çoxalmasının sevindirici xəbər olduğunu deyib. Bu tədbirlərə, xüsusilə, insanların işlədikləri və ya oxuduqları məkanlarda otaqların havalandırılması hallarının artırılması, maskaların taxılması və peyvəndlərin vurulması aid edilir.
“COVID-19 əleyhinə peyvəndlər ağır xəstəliyin qarşısının alınması üçün təhlükəsiz və səmərəli vasitə olaraq qalmaqda davam edir” - deyə ekspert əminliklə bildirib.