ÜST: Dünyada koronavirusa yoluxma halları həftə ərzində 10 faiz artıb
Bakı, 17 mart, AZƏRTAC
Ötən həftə dünyada koronavirusa 3 milyon yoluxma halı qeydə alınıb ki, bu da öncəki yeddi günlə müqayisədə 10 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə dərc olunan həftəlik epidemioloji bülletenində yer alıb.
“Dünyada yeni yoluxma hallarının sayı artmağa davam edir. Ötən həftə 3 milyondan çox yeni yoluxma ilə bağlı məlumat daxil olub ki, bu da öncəki həftə ilə müqayisədə 10 faiz çoxdur”, - deyə sənəddə bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatı yanvar ayının əvvəlində COVID-19 infeksiyasına yoluxmaların pik həddə (həftə ərzində 5 milyon nəfərə yaxın) çatdığını, lakin fevralın ikinci yarısından təxminən iki dəfə (2,5 milyon nəfər) azaldığını xatırladıb.
ÜST-nin bülleteninə əsasən, martın 8-dən 14-dək dünyada 3 milyon 33 min 213 yoluxma və 58 min 698 ölüm faktı qeydə alınıb.
Ötən həftə yoluxma hallarının artımı əsasən Cənub-Şərqi Asiyada (19 faiz), Qərbi-Sakit Okean regionunda (19 faiz) və Şərqi Aralıq dənizi bölgəsində (14 faiz), həmçinin Şimali və Cənubi Amerikada (13 faiz) müşahidə olunub. Qərbi-Sakit Okean regionunda və Şərqi Aralıq dənizi bölgəsində ölüm halları müvafiq olaraq 14 faiz və 7 faiz artdığı halda, digər regionlarda bu göstərici azalıb. Ölüm hallarının ümumi azalma göstəricisi həftə ərzində 3 faiz aşağı düşüb.
Qeyd edək ki, ÜST ötən ilin martında yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyədək dünyada 121 milyon 370 mindən çox yoluxma və 2 milyon 684 mindən çox ölüm faktı aşkarlanıb, 97 milyon 861 min nəfər COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 20 milyon 823 min nəfərdən 88 min 828 nəfərin vəziyyəti ağır qiymətləndirilir.