ÜST Mərkəzi Avropa və Balkan ölkələrindəki epidemioloji vəziyyətdən narahatdır
Cenevrə, 18 mart, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa yoluxma hallarının Mərkəzi Avropa və Balkan ölkələrində sürətlə yayılmasından narahatdır.
AZƏRTAC xəbər verir ki, bu barədə ÜST-ün Avropa üzrə regional bürosunun Fövqəladə hallar üzrə baş mütəxəssisi Kartin Smolvud açıqlama verib. O qeyd edib ki, hazırda ən kəskin epidemioloji vəziyyət 2020-ci ilin il yarımilində pandemiya üzərində nəzarətin uğurlu olduğu bölgələrdə müşahidə olunur. Bu bölgələrdə əhalinin ümumi sayına nisbətdə həm yoluxma, həm də ölüm halları dünya üzrə ən yuxarı həddə çatıb.
Təşkilatın Avropa bürosunun rəhbəri Hans Kluqe bildirib ki, Avropada aparılan vaksinasiya kampaniyaları koronavirusun yayılmasının önünü kəsə bilməyib və yoluxmalarda artım trendi Şərqi Avropa ölkələrində yüksələn xətlə davam edir. O bildirib ki, Avropa üzrə üç həftədir yoluxma halları artır və son bir həftədə 1,2 milyon yeni yoluxma halı qeydə alınıb. Avropa regionu üzrə ölüm halları 900 min nəfəri ötüb və hər həftə daha 20 min insan həyatını itirir. Hazırda Avropada koronavirusla əlaqadər ölüm halları ötən ilin eyni dövrü ilə müqayisədə daha yüksəkdir.
H. Kluqe eyni zamanda bir sıra ölkədə sərt karantin rejiminin yumşaldılmasından da narahatlıq ifadə edib. O, bir sıra ölkənin vaksinasiya kampaniyası ilə paralel şəkildə məhdudiyyətləri aradan qaldırmasını vaxtından əvvəl atılmış tələsik addım kimi qiymətləndirib. Bununla belə qeyd edilib ki, vaksinasiya prosesi öz təsirini göstərir və yaxın gələcəkdə yenidən normallığa dönüş mümkün olacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə