“Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum başa çatıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 26-da “Gülüstan” sarayında “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum öz işini yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, forum ICESCO və TÜRK Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilib.
Mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanovun moderatorluğu ilə keçirilən sonuncu panel "Üzeyir Hacıbəylinin qlobal musiqi səhnəsində mövqeyi" mövzusuna həsr olunub.
Paneldə Qırğızıstan Respublikasının Xalq artisti, professor Karagul Tilençiyev, Özbəkistan Respublikasının İncəsənət üzrə doktoru, professor Şoyista Ganikhanova, Əməkdar incəsənət xadimi Sənubər Bağırova, Tunis Ali Musiqi İnstitutunun direktoru, musiqişünaslıq üzrə professor, Sorbonna Universitetinin fəlsəfə doktoru Fakher Hakima iştirak ediblər.
Çıxışçılar Üzeyir Hacıbəylinin əsərlərinin milli musiqi irsini qoruyaraq onu dünya musiqi mədəniyyəti ilə birləşdirməsini, həmçinin Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılmasına verdiyi töhfələri vurğulayıblar. Paneldə, həmçinin Hacıbəylinin əsərlərinin müasir musiqiçilərə ilham mənbəyi olduğu qeyd olunub.
Panel iştirakçıları həmçinin vurğulayıblar ki, Hacıbəylinin yaradıcılığı yalnız musiqi sahəsində deyil, həm də mədəniyyətlərarası dialoq və beynəlxalq musiqi əməkdaşlığı üçün əhəmiyyətli rol oynayır. Onun əsərləri müxtəlif ölkələrdə səslənərək Azərbaycan musiqisinin zəngin ənənələrini qlobal auditoriyaya çatdırır və gənc bəstəkarlar üçün nümunəvi bir irs olaraq qalır.
Tədbirin sonunda iştirakçılar Üzeyir Hacıbəylinin yaradıcılığının gələcək nəsillər üçün də ilhamverici olduğunu və onun musiqi irsinin beynəlxalq səviyyədə daha geniş şəkildə təbliğ edilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Forum Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunub.