Vəkillər Kollegiyası son üç ayda mühüm beynəlxalq tədbirlərdə təmsil olunub
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyası son üç ayda bir sıra mühüm beynəlxalq tədbirlərdə təmsil olunub.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildirilib ki, kollegiyanın sədri Anar Bağırov oktyabrın 27-də Beynəlxalq Hüquqşünaslar Assosiasiyasına (UIA) üzv olan Vəkillər kollegiyalarının rəhbərlərindən ibarət illik UIA Baş Assambleyasında iştirak edib. Tədbirdə UIA-nın yeni prezidentinin və icra komitəsinin seçilməsi, o cümlədən birillik fəaliyyətlə bağlı bir çox məsələlər müzakirə olunub.
Bundan başqa, oktyabrın 30-da Vəkillər Kollegiyasının üzvü Elçin Usub Alman Vəkillər Kollegiyaları Birliyinin veb-konfransına qatılıb. Tədbirdə Almaniya Konstitusiya Məhkəməsinin “PSPP” qərarından sonra “Ultra Vires-Scutiny” imkanları və riskləri barədə fikir mübadiləsi aparılıb.
Noyabrın 25-də Vəkillər Kollegiyasının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri UIA təşkilatı tərəfindən Vəkillər kollegiyaları üzvlərinin “Hazırkı COVID-19 pandemiyasından sonra mənəvi və psixoloji sağlamlıqlarını qoruma mexanizmləri, yardım mexanizmləri və çətin anlarda stresi idarə etmək”lə bağlı təşkil olunmuş tədbirə qatılıb.
Bundan əlavə, Vəkillər Kollegiyası sədrinin müşaviri Fərhad Nəcəfov noyabrın 27-də Qazaxıstan Beynəlxalq Hüquqşünaslar Forumunun beynəlxalq tədbirində iştirak edib. Tədbirin əsas mövzusu rəqəmsallaşdırma və vəkil: qanunun aliliyi, ədalət və insan hüquqlarının qorunması üçün yeni çağırışlar olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası oktyabrın 13-də “LAWASIA” təşkilatına üzv qəbul olunub. “LAWASIA” beş qitəni əhatə edən, hüquq peşəsinin maraqları və problemləri ilə bağlı fəaliyyət göstərən, hakim, vəkil və hüquq təşkilatlarının üzv olduğu assosiasiyadır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası MDB və Şərqi Avropa regionunda LAWASIA-ya üzv olan ilk Vəkillər Kollegiyasıdır.