Vəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edib
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Milli Vəkillər Kollegiyasının (QMVK) dəvəti ilə "Qanunun aliliyinə əsaslanan güclü vəkillik peşəsi" adlı VII Qazaxıstan Beynəlxalq Vəkillər Forumunda iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirin gündəliyinə uyğun olaraq Forum iştirakçıları üçün rəsmi qəbul təşkil olunub.
Forumun məqsədi vəkillik peşəsini cəmiyyətin mənafeyi naminə tənzimləməklə onların maraqlarına xidmət etmək, habelə dünyanın bir çox ölkəsində aktiv fəaliyyət göstərən vəkil birliklərinin müstəqil, etik, vahid, qurum kimi həmin ölkələrin hüquq sistemlərinin vacib əsaslarından biri olaraq tanıtmaqdır.
Tədbirdə qonaqları salamlayan ARVK sədri A.Bağırov Azərbaycan ilə Qazaxıstan arasında tarixi köklərə malik olan və müxtəlif sahələrdə uğurla inkişaf edən dostluq və qardaşlıq münasibətlərinin iki ölkənin vəkillik institutları arasında da inkişaf etdiyini qeyd edib. ARVK sədri tədbir iştirakçılarına Azərbaycanın torpaqlarını işğaldan azad etdiyi, öz ərazi bütövlüyünü bərpa etdiyi, o cümlədən hazırda azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığı və keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması barədə məlumat verib.
Həmçinin A.Bağırov hər iki ölkənin Vəkillər kollegiyaları arasında mövcud olan səmərəli əməkdaşlıq üçün başda QMVK-nın sədri Aidyn Bikebayev olmaqla bütün qazax həmkarlarına Azərbaycan vəkilliyi adından təşəkkür edib. Eyni zamanda, A.Bağırov qazaxıstanlı həmkarına QMVK-nın emblemini əks etdirən xatirə xalçası hədiyyə edib.
Daha sonra mövcud əlaqələrin gücləndirilməsi məqsədilə ARVK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və bir sıra ölkələrin vəkillər kollegiyalarının rəhbərləri arasında müvafiq görüşlər keçirilib, təcrübə mübadiləsi, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Sonda tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil edilib. Ziyafət zamanı ARVK-nın sədri A.Bağırov QMVK Rəyasət Heyətinin qərarı ilə Qazaxıstan vəkilliyinin inkişafındakı müstəsna xidmətlərinə görə xüsusi medalla təltif edilib.
Tədbirin növbəti günü iştirakçılar üçün mədəni proqram təşkil edilib.