Vəkillərə “Birgə nikah dövründə əldə olunan əmlakın bölgüsü” mövzusunda təlim keçirilib




Bakı, 10 fevral, AZƏRTAC
Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Birgə nikah dövründə əldə olunan əmlakın bölgüsü” mövzusunda hibrid formada təlim keçirilib.
Kollegiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli təlim mövzusunun aktuallığı, praktiki əhəmiyyəti ilə bağlı xüsusi məqamlara toxunub.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Normativ hüquqi təminat şöbəsinin müdiri Könül Fərəcova birgə mülkiyyət, hüquqlar (aktivlər) və öhdəliklər (passivlər), o cümlədən iddia müddətinin tətbiqi, əmlak bölgüsü, payların müəyyən edilməsi, prosessual tənzimləmələr və digər praktiki məsələlər barədə çıxış edib.
Həmçinin təlimçi mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini bölüşüb.
Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə 92 vəkil iştirak edib.