CƏMİYYƏT
Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsi noyabrda keçiriləcək
![Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsi noyabrda keçiriləcək](/files/2023/3/1200x630/1695905826478635740_1200x630.jpg)
Bakı, 28 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.
Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, noyabrın 5-də Azərbaycan Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul imtahanlarında iştirak etmək üçün 330 namizədin sənədinin qəbul olunduğunu nəzərə alaraq, vəkilliyə qəbulla bağlı yazılı test imtahanı həmin gün hər növbədə 165 namizəd olmaqla iki növbədə -saat 10:00-da və 15:00-da aparılacaq.
İmtahanda iştirak edən namizədlərə onların qeydiyyata alındıqları növbə ilə bağlı telefon vasitəsilə məlumat veriləcək. Namizədlərdən imtahan üçün müəyyən olunmuş vaxtdan ən gec bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri ilə yaxınlaşmaları xahiş olunur.
Əlavə olaraq bildiririk ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmək istəyən namizədlər noyabrın 5-də keçiriləcək imtahan üçün nəzərdə tutulan 330 yerin dolduğunu nəzərə almalıdırlar. Vəkilliyə qəbulla bağlı növbəti imtahanlarda iştirak üçün namizədlər Vəkillərin Sənəd Qəbulu Komissiyasına indidən müraciət edə bilərlər.
Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.