Venesuelada COVID-19-a yoluxanların sayında yenidən artım müşahidə olunub
Madrid, 18 mart, AZƏRTAC
Venesuelada COVID-19-a yoluxanların sayında artım qeydə alınıb.
AZƏRTAC Venesuela KİV-lərinə istinadla xəbər verir ki, görünür, ölkə yenidən ötən ilin avqustunda elan olunan sərt karantin rejiminə keçəcək. Dövlət xəstəxanaları və ixtisaslaşdırılmış özəl klinikalar imkanlarının son həddində fəaliyyət göstərir. Vəziyyəti dayandırmaqdan ötrü Nikolas Maduro hökuməti Karakasda, həmçinin Miranda, Varqas, Bolivar ştatlarında sanitar sərhədi müəyyən edib və El-Poliyedro-de-Karakas idman arenası, şəhərin iri sərgi mərkəzləri kimi daha çox sayda pasiyentləri qəbul etmək imkanına malik məkanları yenidən təqdim edib.
Rəsmi məlumatlara görə, Venesuelada COVID-19-a yoluxanların sayı 147.577, ölənlərin sayı 1459 nəfər olub. Epidemioloq Xose Feliks Olettin verdiyi məlumata əsasən, gündəlik yoluxmaların orta sayı 2500 nəfərdir.
Xəstələnmə sayının indiki artımı Milad bayramları zamanı tədbirlərin açılması barədə rəsmi qərarın qaçılmaz nəticəsidir.
Venesuela ölkədə daha yoluxucu mutasiya olan Braziliya ştammının əmələ gəlməsindən ehtiyat edir. Elm və Texnologiya Nazirliyinin məlumatına görə virusun bu növünə 56 yoluxma faktı aşkar edilib. Yoluxmaların demək olar ki, hamısı epidemioloji nəzarət tətbiq edilən ştatlarda cəmlənib.
Nikolas Maduro aprel ayında irimiqyaslı vaksinləmə fazası barədə elan edib. 2021-ci ilin sonunadək əhalinin 70 faizinin peyvəndlənməsi gözlənilir. Ölkəyə Rusiya və Çin istehsalı olan təqribən 700 min vaksin gətirilib.
Venesuela əhalisinin 70 faizini immunitetlə təmin etməkdən ötrü 40 milyon doza vaksin tələb olunur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid