REGİONLAR
Vətən müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın yurd sevgisinin nümayişi oldu













Şəmkir, 27 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq Şəmkirdə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 50 metr uzunluğunda şanlı Azərbaycan bayrağını rayon mərkəzindən Şəhidlər Xiyabanına gətirib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərin xatirəsinə ucaldılan Abidə Kompleksinin önünə əklil qoyublar.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq İkinci Qarabağ savaşının başlandığı günün – 27 sentyabrın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd olunması təsadüfi deyil. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, yurd sevgisinin nümayişi oldu.
Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində aparılan uğurlu “Dəmir yumruq” əməliyyatı və qazanılan Zəfər ordumuzun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı, hərbi şücaəti, xalqımızın arxa cəbhədəki fədakarlığı sayəsində mümkün oldu. 2023-cü il sentyabrın 19-da qanunsuz erməni hərbi birləşmələrinin tərk-silah edilərək, ərazilərimizdən çıxarılması məqsədilə ordumuz tərəfindən keçirilən lokal xarakterli antiterror tədbirləri çərçivəsində də şücaətli ordumuzun yüksək peşəkarlığı sayəsində düşmənin hərbi birləşmələri üzərində qısa müddətdə böyük qələbə qazanıldı.
Deputat Kamran Bayramov çıxış edərək, Azərbaycanın tarixi Zəfərinin əldə olunmasında xalqımızın həmrəyliyindən, əsgər və zabitlərimizin keçdiyi döyüş yollarından, göstərdikləri şücaətlərdən danışıb.
Şəhid ailələri isə çıxışlarında qəhrəman övladlarının döyüş yolundan danışıb, onlarla qürur duyduqlarını bildiriblər.
Daha sonra şəhid övladlarının, məktəblilərin təqdimatında şəhidlərin xatirəsinə həsr edilmiş əbədi-bədii kompozisiya təqdim olunub.
Eyni zamanda, tədbir çərçivəsində dövlət qurumları, rayon sakinləri tərəfindən Şəmkir şəhərinin bəzi küçə və prospektlərində, eyvanlarda bayraqlar asılaraq həmrəylik nümayiş etdirilib.