Vətən müharibəsi iştirakçıları və onların ailə üzvləri ziyarət olunub
Bakı, 17 iyul, AZƏRTAC
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun ötən il düşmən tapdağı altında olan torpaqlarımızın azadlığı uğrunda əldə etdiyi Qarabağ Zəfərində könüllü olaraq hərbi əməliyyatlarda iştirak edən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da payı var.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Qurban bayramı münasibətilə Vətən müharibəsi iştirakçıları və onların ailə üzvləri xüsusi karantin qaydalarına riayət edilməklə ziyarət olunub. Onlara, habelə ailə üzvləri döyüşlərdə şəhid olmuş və yaralanmış əməkdaşların ailə üzvlərinə dəstək məqsədilə ərzaq sovqatı paylanılıb.
Qeyd edək ki, agentliyin 22 əməkdaşı Vətən müharibəsində iştirak edib, onlardan xeyli hissəsi Şuşa, Cəbrayıl, Füzuli, Xocavənd, Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər və Suqovuşanın azad olunması uğrunda döyüşlərdə iştirak etdiklərinə görə medallarla təltif olunublar.
Agentliyin Həmkarlar İttifaqı Təşkilatı tərəfindən mütəmadi olaraq, işçilərin əmək şəraitinin yaxşılaşdırılması və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində tədbirlər davam etdirilir.