Vətən müharibəsi iştirakçısı: Öz biznesimi qurmaq üçün hər cür şəraitim var
Bakı, 29 sentyabr, AZƏRTAC
Vətən müharibəsindən əvvəl Binə sovxozuna gedən şose yolun kənarında təkər şinlərinin bərpası ilə məşğul olurdum. Təəssüf ki, bu sahədə fəaliyyətim uzun sürmədi. Təzəcə işə başlamışdım ki, torpaqlarımızın azadlığı uğrunda haqq savaşı başlandı və mən də silaha sarılaraq Qarabağ və ətraf ərazilərin işğalçılardan təmizlənməsi əməliyyatına qoşuldum. Döyüş yolum Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıdan keçib. Ordu sıralarından 2021-ci il yanvarın 29-da tərxis olunmuşam. “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişəm. Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Dövlət Məşğulluq Agentliyi tərəfindən aktivlərlə təmin edilən Vətən müharibəsi iştirakçısı Seymur Rüstəmov deyib.
Seymur Bakı Peşə Hazırlığı Mərkəzində təlim kurslarında iştirak edib, kursun yekununda imtahanları uğurla verərək təqdim etdiyi biznes plana əsasən avadanlıqlarla təmin olunub. O, söhbətinə davam edərək deyib: “Müharibədən sonra müxtəlif sahələrdə çalışsam da, əvvəlki peşəmi davam etdirmək fikrinə düşdüm. Ona görə də bir neçə ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Müraciətimə uyğun olaraq məni peşə hazırlığı kurslarında dəvət etdilər, seçdiyim sahə ilə əlaqədar təlimlərdə iştirak etdim və biznes planım qəbul edilərək bu sahədə çalışmaq imkanı yaradıldı. Bu gün təkərçıxaran, təkəryamayan, hava kompressoru, təkər açarları və digər lazımi avadanlıqlarla təmin edildim. Hesab edirəm ki, bu sahədə öz biznesimi yaratmaq və genişləndirmək üçün hər cür şəraitim var və yaradılan şəraitə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edirəm”.