Vətən müharibəsi qaziləri ilə tələbələrin görüşü olub
Naxçıvan, 22 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Texniki Kollecində Vətən müharibəsində iştirak edən kollecin məzunları Əli Musayev, Şahin Əliyev, Nəcəf Quliyev, Elşən Həsənov və Murad Xudiyevlə görüş olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən kollecin direktoru Asəf Ruşanov bildirib ki, 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribat düşmən ölkənin acınacaqlı və biabırçı məğlubiyyəti ilə başa çatdı. Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın edilməsi və işğalçı ölkə üçün kapitulyasiya aktı olan üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Bu döyüşlərdə Naxçıvanın qəhrəman oğulları da mətanətlə iştirak edib, Murovdağın çətinliklərlə dolu yüksəkliklərinin, Hadrutun, Şuşanın və digər ərazilərin azad olunmasında böyük şücaət göstəriblər. Qələbəyə gedən şərəfli yolda kollecin tələbəsi olmuş məzunlar da qəhrəmanlıqları ilə fərqləniblər. Onların döyüş yolu bir örnəkdir.
Kollecin məzunu, Vətən müharibəsi qazisi Nəcəf Quliyev hərbçilərimizin qəhrəmanlıqlarından danışıb. Görüşdə qazilər tələbələrin suallarını cavablandırıb, döyüş xatirələrini bölüşüblər.
Sonda qazilərə xatirə plaketləri təqdim olunub.