SİYASƏT
Vətən müharibəsi qazilərimiz daim diqqət mərkəzindədir VİDEO
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərirlər. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərin müalicəsi, sağlamlıqlarının bərpası hər zaman diqqət mərkəzində saxlanılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclis sədrinin müavini Adil Əliyev və Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifələrini icra edən polkovnik Elxan İbrahimov Vətən müharibəsində yaralanan və Buzovna qəsəbəsindəki Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicələrini davam etdirən hərbçilərlə görüşüblər.
Əvvəlcə qonaqlar mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin guşəsi önünə gül dəstəsi qoyub, hörmət və ehtiramlarını bildiriblər.
Sonra onlar reabilitasiya mərkəzində hərbçilərin müalicəsi və burada yaradılan şəraitlə yaxından maraqlanıblar.
A.Əliyev və E.İbrahimov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan, Vətən müharibəsində qələbəmizin əhəmiyyətindən danışaraq yaralı hərbçilərin tezliklə sağalaraq ailələrinə və xidmət yerlərinə qayıtmalarını arzulayıblar.
Sonda mərkəzdə müalicə alan yaralı hərbi qulluqçulara hədiyyələr təqdim olunub.