Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun adını daşıyan küçənin ünvan lövhəsinin açılışı olub
Bakı, 29 sentyabr, AZƏRTAC
Paytaxtın Nizami rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Rəbbil oğlu Heydərovun adını daşıyan küçənin ünvan lövhəsinin açılış mərasimi olub. Qeyd edək ki, B.Nuriyev və C.Naxçıvanski küçələrini birləşdirən adsız küçə “Amid Heydərov küçəsi” adlandırılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Milli Ordunun qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərdən və onu bizə bəxş edən əsgər və zabitlərin göstərdiyi şücaətdən bəhs edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən döyüşçülərin unudulmayacağını, onlara və ailələrinə hər zaman diqqət və qayğı göstəriləcəyini bildiriblər.
Şəhidin ailə üzvləri və yoldaşları onun vətənpərvərlik və qəhrəmanlığından danışıb, xatirələrini bölüşüblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru Amid Heydərov Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 3-də şəhid olub və Lerik şəhərində dəfn edilib. Ölümündən sonra ona Vətən Müharibəsi Qəhrəmanı adı verilib, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.