CƏMİYYƏT
Vətən müharibəsindən sonrakı dövrdə 19,6 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı və Sumqayıt şəhərlərində daha bir qrup müharibə veteranına özünüməşğulluq proqramı üzrə aktivlər təqdim edilib.
Seçdikləri fəaliyyət istiqamətləri (avtomobil şinlərinin bərpası və təmiri xidmətləri) üzrə lazımi avadanlıqlarla təmin edilməklə onlar üçün kiçik bizneslər yaradılıb.
AZƏRTAC xəbər verir ki, tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə sentyabrın 1-nə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 19,6 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 10,1 min şəxs özünüməşğulluq proqramına cəlb edilməklə onlar üçün proqramın dəstəyi ilə kiçik təsərrüfatlar yaradılıb.
Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib: “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvlərinin, müharibə veteranlarının və müharibə ilə əlilliyi olan şəxslərin məşğulluq məsələlərinin həll olunması, onların ümumilikdə sosial dəstək tədbirləri ilə əhatə olunması sahəsində tədbirlər planının icrasına başlanılıb. Həmin tədbirlər planında məşğulluq proqramları və məşğulluq xidmətləri xüsusi yer tutur və onlardan biri də özünüməşğulluq proqramıdır. Müharibə dövründə həmin kateqoriyadan olanların proqrama sürətli şəkildə cəlb edilməsi, onlar üçün düzgün istiqamətlərin seçilməsi, peşə hazırlığı təlimlərində iştirakı və aktivlərlə təmin edilməsi prosesi həyata keçirilir. Bu gün Bakı və Sumqayıtda bir qrup Vətən müharibəsi veteranı və müharibə ilə əlilliyi olan şəxslərə aktivlər təmin olundu. Onlara təqdim olunan avadanlıq avtomobil şinlərinin təmiri və bərpası istiqamətini əhatə edir. Həmin kateqoriyadan olan şəxslərə verilən aktivlər hesabına onlar öz bizneslərini qura biləcəklər. Ümumilikdə agentlik tərəfindən bu ilin ötən dövrü ərzində şəhid ailəsi üzvləri, müharibə veteranları və müharibə ilə əlilliyi olan şəxslər daxil olmaqla 400 nəfərə yaxın aktivlərlə təmin olunub”.
Proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə cəlb edilir, daha sonra isə qiymətləndirmədən keçərək aktivlərlə təmin olunurlar. Aktivlərlə təmin olunan şəxslərə sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı məsləhət xidmətləri də göstərilir.