Vətən övladlarının yadigarları bayram şənliyində bir araya gəliblər
Füzuli, 31 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Həmrəyliyimizin Zəfəri” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə şəhid ailələri və şəhid övladları ilə birgə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələrinə, həmçinin tədbirin bütün iştirakçılarına təbriklərini çatdırıblar. Bildirilib ki, dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımızı bir-birinə bağlayan Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hissləridir. Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində siyasi əqidəsindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanıldı.
Tədbir rəngarəng musiqi nömrələri ilə davam edib, habelə şəhid övladları üçün “Şaxta baba", “Qar qızı”, eləcə də müxtəlif nağıl personajlarının iştirakı ilə proqram nümayiş olunub.
Sonra şəhid övladlarına bayram hədiyyələri təqdim edilib.