İDMAN
Vitaliy Mutko Rusiya idmanına qarşı növbəti hücumun anonsunu verib
Bakı, 6 dekabr, AZƏRTAC
Riçard Maklarenin yeni məruzəsi Rusiya idmanına qarşı hücum və növbəti provokasiyadır.
AZƏRTAC xəbər verir ki, belə bir açıqlama ilə Rusiyanın idman, turizm və gənclər siyasəti üzrə naziri Vitaliy Mutko çıxış edib.
Onun qənaətinə görə, dekabrın 9-da elan ediləcək məruzədən sonra Rusiya idmanına qarşı yeni hücum dalğası başlayacaq: “Məruzə elan olunacaq və həftə ərzində bu barədə dünyaya car çəkəcəklər. Bizim birbaşa şikayət verməyə imkanımız qalmır. Paralimpiyaçılarla bağlı eyni hadisə yaşanacaq. Onları əvvəlcə yarışdan kənarlaşdırdılar və sonradan altı ay bu addımı hansı səbəbdən atdıqları barədə mülahizə yürütdülər”, - deyə V.Mutko vurğulayıb.
Qeyd edək ki, dekabrın 9-da Ümumdünya Antidopinq Agentliyində (WADA) fəaliyyət göstərən müstəqil komissiya məruzənin ikinci hissəsini ictimaiyyətə təqdim edəcək. Artıq indidən proqnozlaşdırılır ki, R.Maklaren Rusiyada dopinq sisteminin dövlət səviyyəsində mövcudluğunu isbat edən dəlillə çıxış edəcək. Məlum olub ki, o, həmçinin hesabatında Soçi Olimpiya Oyunlarında Rusiya tərəfinin dopinq qaydalarını pozduğuna dair məlumatları da təqdim edəcək.