VLADİMİR MAYAKOVSKİNİN ÖLÜMÜNÜN SİRRİ AÇILMIŞDIR
Onun ölümünün səbəblərini araşdırmaq üçün tarixə ekskurs etmək lazımdır. Ötən əsrin sonlarında Moskvanın bir çox tarixi evləri ömrünü başa vurdu. Məsələn, Lubyanka meydanında Mayakovskinin Moskvadakı iki mənzil muzeyindən birinin yerləşdiyi bina yoxa çıxdı. Yox, binanı sökmədilər, sadəcə, DTK-nın “hesablama mərkəzi” hesab olunan nəhəng binası onu sanki uddu. Bu evin çox zəngin tarixi var. 1953-cü ildən sonra burada cəlladlar və onların qurbanları məskunlaşdılar. Nə o tərəf, nə də bu tərəf hakimiyyət orqanlarının və “xalq düşmənləri”nin yüksək təbəqələrinə mənsub deyildi. Əsasən kommunal mənzilləri olan evin çoxsaylı sakinləri arasında zirzəmidə yaşayan yaşlı bir qadın hamıdan seçilirdi. O, sakinlərin pal-paltarını yumaqla dolanırdı. Bu işi məharətlə gördüyü üçün müştəri sarıdan korluq çəkmirdi. Onun müştəriləri arasında Mayakovski də vardı. Qadın vaxtaşırı, günorta çağı, - şair, əsasən, bu vaxtlar işləyirdi, - onun mənzilinə gələrək, paltarlarını yumağa aparırdı.
Günlərin bir günü, yenə də bu məqsədlə Mayakovskinin evinə gələn həmin qadın mənzilin qapısını açıq gördü. Qəribədir, axı, şair vasvasılığı ilə məşhur idi və mənzilinin qapısını həmişə bağlayırdı. Mayakovskinin qapısı bağlı olan otağından səslər gəlirdi, birdən atəş açıldı. Sonra otaqdan qaçaraq bir neçə adam çıxdı. Deyəsən, 3 nəfər idi. Qapıdan kənara sıçrayan qadın iki dəqiqədən sonra otağa nəzər salıb, “böyük proletar şairi”nin həyatı haqqında bütün monoqrafiyalarda təsvir edilmiş mənzərənin şahidi oldu və qorxudan oradan qaçdı. Sonralar onu tez-tez qonşu binaya – DTK-ya çağıraraq, çox çək-çevirə salsalar da, ondan ağıllı-başlı söz qopara bilmədilər. Bəlkə də demək istəmirdi. Daimi müştəriləri susmağı əmr edərək, onu buraxdılar. Sonra iş elə gətirdi ki, bu adamların özlərini “xalq düşməni” elan etdilər, müharibədən sonra isə bu zavallı qadının sovet ədəbiyyatı tarixi sahəsindəki biliklərini araşdırmaq heç kəsin ağlına gəlmədi.