HEYDƏR ƏLİYEV - 100
Vladivostokda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib




Vladivostok, 21 sentyabr, AZƏRTAC
Rusiyanın Vladivostok şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, Primorsk Akademik Dram Teatrının böyük zalında baş tutan tədbir Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu və Primorsk diyarının “Dostluq” təşkilatı tərəfindən təşkil olunub.
Tədbir iştirakçıları foyedə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar. Tədbirin rəsmi hissəsi Baş Konsulluğun dəstəyi ilə çəkilmiş “Heydər Əliyev - Rusiyadan baxış” filminin nümayişi ilə başlayıb.
Təntənəli gecədə Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev, Primorsk diyarı Xalqlar Məclisinin sədri Qalina Alekseyeva, Daxili siyasət departamentinin şöbə müdiri Viktor Ablapov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Tural Səfərov və Primorsk diyarının “Dostluq” təşkilatının sədri Ramiz Zeynalov çıxış edərək Ümummilli Liderin həyat yolundan, müstəqil Azərbaycan Respublikasının inkişafındakı rolundan və Azərbaycan-Rusiya münasibətlərinin dərinləşməsinə verdiyi töhfələrdən bəhs ediblər.
Tədbir Azərbaycanın Xalq artisti Niyaməddin Musayevin ifası, eləcə də yerli xalqların mədəniyyət kollektivlərinin mahnı və rəqs nümunələri ilə davam edib. Azərbaycan Ordusunun Qarabağ bölgəsində apardığı antiterror əməliyyatının uğurla başa çatması xəbəri tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.
Tədbirdə Rusiya Xarici İşlər Nazirliyinin Vladivostok üzrə nümayəndəliyinin rəhbəri, xüsusi tapşırıqlar üzrə səfir Andrey Brovareç, Primorsk diyarının Qanunvericilik Məclisinin deputatları, Vladivostok şəhərində akkreditə olunmuş diplomatik korpusun diplomatları, Uzaq Şərq Federal Dairəsinin Kamçatka, Maqadan, Yakutiya, Xabarovsk, Blaqoveşensk və Çita vilayətləri üzrə Azərbaycan diasporlarının sədrləri, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri və Vladivostok şəhərində yaşayan azərbaycanlılar iştirak ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vladivostok