V.PUTİN: MDB RUSİYA XARİCİ SİYASƏTİNİN ÜSTÜN İSTİQAMƏTİ OLARAQ QALIR
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müşavirədə iştirakı və çıxışı tədbirin başlıca hadisəsi olmuşdur. O, Rusiya xarici siyasətinin üstün istiqamətlərini müəyyənləşdirmiş və beynəlxalq məsələlərə dair bir sıra bəyanatlar vermişdir.
Rusiya dövlətinin başçısı bildirmişdir ki, MDB Rusiya xarici siyasətinin üstün istiqaməti olaraq qalır. Onun sözlərinə görə, MDB ölkələrində liderlik səmərəli siyasətlə möhkəmləndirilməli və MDB dövlətlərinin Rusiya ilə münasibətlərinə maksimum cazibədarlıq vermək lazımdır. V.Putin həmçinin demişdir ki, bu istiqamətdə təkidlə aparılan iş, ümumən, Rusiya xarici siyasətinin rəqabət qabiliyyətinin artmasını təmin edəcəkdir. Rusiya rəhbəri vurğulamışdır ki, XİN MDB məkanına təsir göstərmək mənbələrindən, o cümlədən də xalqlarımızı sıx tellərlə bağlayan etimad və dostluq kimi tarixən təşəkkül tapmış vasitədən kifayət qədər istifadə etmir.
Vladimir Putin Rusiyanın ABŞ ilə qarşılıqlı münasibətlərinə də toxunaraq bildirmişdir ki, iki ölkənin uzunmüddətli tərəfdaşlığı üçün obyektiv zəmin var.