Vüqar Əsədli: Memorialda yüksək səviyyədə çıxış etmək üçün potensialımdan maksimum istifadə edəcəyəm
Bakı, 18 dekabr, AZƏRTAC
“Vüqar Həşimov memorialı”na ciddi hazırlaşmışıq. Bu yarış dünyanın ən nüfuzlu turnirlərindən biridir. Yarışda yüksək səviyyədə çıxış etmək üçün potensialımdan maksimum istifadə edəcəyəm.
Bu fikirləri “Vüqar Həşimov memorialı”nın iştirakçısı Vüqar Əsədli AZƏRTAC-a müsahibəsində deyib.
Yarışda iştirakın onun üçün böyük önəm daşıdığını vurğulayan şahmatçımız bildirib: “Turnirdə Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov ilə yanaşı, dünyanın güclü şahmatçılarından olan Fabiano Karuana, Sergey Karyakin, Riçard Rapport, Vişvanatan Anand və David Navara da mübarizə aparırlar. Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan və güclü şahmatçıların yarışdıqları belə bir turnirdə iştirak etmək mənim üçün böyük önəm daşıyır”.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda qalib adı uğrunda 8 şahmatçı - Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparacaqlar.
Şahmatçılar turnirdə rapid və blits turnirlərində yarışacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.