“Vüqar Həşimov memorialı”nın iştirakçıları
Bakı, 18 dekabr, AZƏRTAC
Bir neçə dəqiqədən sonra Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca yeddinci beynəlxalq super turnir start götürəcək.
AZƏRTAC xəbər verir ki, 8 şahmatçının iştirakı ilə baş tutacaq turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.
“Vüqar Həşimov memorialı”nın yeni loqosu mərhum şahmatçının silueti əsasında hazırlanıb. Qara fonda ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar. Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.
Mötəbər turnirin iştirakçıları
![]() |
FIDE reytinqində ilk onluqda yer alan Şəhriyar Məmmədyarov (rapid: 2727, blits: 2754) 1985-ci ildə anadan olub. Azərbaycan millisinin heyətində üçqat Avropa çempionu (2009-cu, 2013-cü, 2017-ci) olan Ş.Məmmədyarov 2003-cü və 2005-ci illərdə gənclər arasında dünya çempionu adını qazanıb. Təmsilçimiz 2013-cü ildə sürətli şahmat üzrə dünya çempionu, 2017-ci ildə isə FIDE Qran-Pri seriyasının qalibi olub.
|
![]() |
Azərbaycanın ən güclü şahmatçılarından olan Rauf Məmmədov (rapid: 2690, blits: 2686) 1988-ci ildə dünyaya göz açıb. O, 2004-cü ildə Dubayda keçirilən beynəlxalq turnirdə qazandığı qələbə sayəsində qrossmeyster adına sahib olub. R.Məmmədov müxtəlif illərdə (2009-cu, 2013-cü, 2017-ci) milli komandanın heyətində Avropa çempionu olub. Şahmatçımız 2009-cü ildə ABŞ-da keçirilən 16-cı kateqoriyalı SPICE turnirində qızıl medal qazanıb.
|
![]() |
Azərbaycanın ən gənc və perspektivli şahmatçılarından olan Vüqar Əsədli (rapid: 2309, blits: 2386) 2001-ci ildə anadan olub. Səkkiz yaşında Avropa çempionatında ikinci yeri tutan V.Əsədli 12 yaşında olarkən Avropa kuboku yarışlarının qalibi, 13 yaşında rapid üzrə dünya çempionu adını qazanıb, blits üzrə dünya birinciliyini ikinci pillədə başa vurub.
|
![]() |
Sabiq dünya çempionu, hindistanlı Vişvanatan Anand (rapid: 2748, blits: 2825) 1969-cu ildə doğulub. V.Anand 2000-2002-ci illərdə FIDE versiyası üzrə dünya çempionu olub, eləcə də həmin illərdə dünya kuboku yarışlarını birinci pillədə başa vurub. Hindistan təmsilçisi 2007-ci ildə birləşdirilmiş formatda keçirilən dünya çempionatında qızıl medal qazanıb.
|
![]() |
Dünyanın ən güclü şahmatçılarından sayılan İtaliya əsilli ABŞ təmsilçisi Fabiano Karuana (rapid: 2770, blits: 2803) 1992-ci ildə anadan olub. O, 14 yaşında ABŞ tarixində ən gənc qrossmeyster adını qazanıb. Şahmatçı dəfələrlə super turnirlərin qalibi olub. F.Karuana Dortmund, altıncı Sinquefild, beşinci Qrenke klassik şahmat və VI Norveç şahmat turnirlərində qızıl medal qazanıb. |
![]() |
Çexiyalı tanınmış şahmatçı David Navara (rapid: 2706, blits: 2763) 1985-ci ildə doğulub. O, ilk dəfə 2004-cü ildə ölkə çempionu adını qazanıb və bu nailiyyəti 2005-ci, 2010-cu, 2012-2015-ci və 2017-ci illərdə təkrarlayıb. Çexiya yığmasının heyətində 2012-ci ildə Ümumdünya Şahmat Olimpiadasında gümüş medal qazanan David Navara blits üzrə Avropa çempionudur. |
![]() |
Dünyanın ən gənc qrossmeysteri adına sahib olmuş rusiyalı Sergey Karyakin (rapid: 2757, blits: 2657) 1990-cı ildə anadan olub. O, 12 yaş 7 aylığında ən gənc qrossmeyster kimi dünya şahmat tarixinə adını yazdırıb. 2012-ci ildə sürətli şahmat üzrə dünya çempionatında qızıl medal qazanan rusiyalı zəka ustası üç il sonra dünya kuboku yarışlarının qalibi olub. |
![]() |
Macarıstan şahmatçısı Riçard Rapport (rapid: 2750, blits: 2754) 1996-cı ildə doğulub. Qrossmeyster adına gənc yaşlarında sahib olan şahmatçı 2017-ci ildə - 13 yaş 11 ay 6 günlüyündə Macarıstan çempionu olub. Super turnirlərin iştirakçısı və mükafatçısı olan R.Rapport son illər yüksək nəticələr göstərərək dünyanın ən güclü şahmatçıları sırasında yer alıb. “Vüqar Həşimov memorialı” dekabrın 23-dək davam edəcək. |







