İDMAN
Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirində üçüncü tura yekun vurulub
Bakı, 26 iyul, Samirə Allahverdiyeva, AZƏRTAC
İyulun 26-da Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirində üçüncü tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək şahmatçılar birincilik uğrunda mübarizə aparırlar.
Üçüncü turun görüşlərindən sonra Xəzər Babazadə, Aqil İsrailov, Fərid Orucov və Ayan Allahverdiyeva 1-4-cü yerləri bölüşdürürlər. Səkkiz zəka sahibinin isə hesabında 2,5 xal var.
Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilir. Avqustun 1-dək davam edəcək yarışda Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar iştirak edirlər.
Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadədir. Yarışın baş hakimi isə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.