Vüqar İskəndərov: Azərbaycan Avropa ilə Orta Asiya arasında körpü rolunu oynayır
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan bu gün öz uğurlu siyasəti ilə nəinki yerləşdiyi regionun lider dövlətidir, eyni zamanda, ölkəmiz Avropa ilə Orta Asiya, ümumilikdə Qərblə Asiya arasında körpü rolunu oynayır. Bu da təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş və uğurlu siyasətin nəticəsidir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında söyləyib.
Azərbaycanın Avropa ilə Orta Asiya arasında əməkdaşlıqda oynadığı mühüm rolun avropalı rəsmilər tərəfindən də etiraf olunduğunu diqqətə çatdıran deputat deyib: “Son vaxtlar Prezident İlham Əliyevin Orta Asiya respublikalarına səfərləri, o cümlədən imzalanan sənədlər türk dünyasında yeni tərəqqinin və əməkdaşlığın əsasını qoyur. Heç şübhəsiz ki, bütün bunlar, eyni zamanda, Azərbaycanın həm qardaş türk respublikaları ilə əlaqələrinin güclənməsinə, həm də regional və qlobal düzəndə yerinin daha da möhkəmlənməsinə səbəb olur. Bu, həmçinin Türk Dövlətləri Təşkilatının da güclənməsinə təkan verir”.
Deputat qeyd edib ki, Azərbaycan nəinki türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsində, həmçinin Qərblə Asiya, daha dəqiq desək, Qərblə türk dövlətləri arasında etibarlı əməkdaşlığın yaranmasında da mühüm rol oynayır.
“Bu baxımdan, Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısının da üzərində dayanmaq istəyirəm. Çexiyanın paytaxtındakı toplantı çərçivəsində keçirilən görüşlər, səslənən fikirlər dediklərimizin növbəti sübutudur. Xatırladım ki, bu ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycana rəsmi səfəri zamanı maraqlı bir paylaşım etmişdi. Ursula Fon der Lyayen paylaşımında məhz Azərbaycan vasitəsilə Orta Asiya ölkələri ilə əməkdaşlığın qurulmasına və gücləndirilməsinə nail olacaqlarını bildirmişdi. Hesab edirəm ki, bu da təsadüfi deyil. O mənada ki, Avropa Birliyi Azərbaycanı bütün bir regionun, yəni Orta Asiya və Qafqaz regionunun mərkəzi dövləti kimi görür. Orta Asiyaya Azərbaycan vasitəsilə körpü salınması istəyinin kökündə yenə də məhz ölkəmizin Orta Asiyanın Türk dövlətləri ilə qurduğu əlaqələrə verilən önəm dayanır. Görünən odur ki, Azərbaycanın atdığı addımlar, o cümlədən Türk dövlətləri ilə bütün sahələri əhatə edən əlaqələri Orta Asiya və Avropanın gələcək əməkdaşlığı üçün də vasitə, körpü rolunu oynayır”, - deyə Vüqar İskəndərov vurğulayıb.