Vüqar Novruzov: Dövlətimiz hər zaman şəhid ailələrinin, müharibə iştirakçılarının, qazilərimizin yanındadır
İsmayıllı, 12 mart, AZƏRTAC
Torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, həmçinin də müharibə əlillərinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürlər.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Novruzov bildirib.
O deyib: “Şöbəmiz Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanına əsasən yaradılıb. Ümumilikdə, iş prinsipimiz şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibə əlillərinə yardım göstərilməsindən ibarətdir. Ötən müddətdə iki şəhidimizin dünyaya gələn övladlarının xərcləri qarşılanıb, Beynəlxalq Qadınlar günü münasibətilə şəhid analarına, şəhidlərin yoldaşlarına baş çəkilib, onlar təbrik edilib, ad günü olan qəhrəman Vətən övladlarının xatirəsi yad olunub. Bu qayğı bundan sonra da davam etdiriləcək. Belə ki, Novruz bayramında şəhid ailələri, onların övladları ziyarət ediləcək, qayğıları dinlənilib həll olunacaq. Dövlətimiz hər zaman şəhid ailələrinin, müharibə iştirakçılarının, qazilərimizin yanındadır”.
Vüqar Novruzovun sözlərinə görə, bu günə qədər şöbəyə şəhid ailələrindən, qazilərdən, müharibə iştirakçılarından bir sıra müraciətlər daxil olub. “Əlimizdən gələni əsirgəmədən, bütün vasitələrdən istifadə edərək onlara kömək olmağa çalışırıq. Elə məsələlər olur ki, yerindəcə aradan qaldırılır, bəzi müraciətlər isə rayonun digər qurumları ilə koordinasiyalı şəkildə, ya da yuxarı instansiyalara müraciət edilərək həll olunur. Müharibə iştirakçıları daha çox işlə təmin olunmaq üçün müraciət edirlər. Məşğulluq idarəsi tərəfindən onlar özünüməşğulluq proqramlarına qoşulurlar. Bu iş davam etdirilir. Müharibə iştirakçıları hansı peşəni bacarırlarsa, o sahəyə uyğun avadanlıqlarla təmin olunurlar. Hər hansı problemi olan şəhid ailəsi, müharibə iştirakçısı və ya qazi icra hakimiyyəti nəzdindəki Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müraciət etməlidir”, - deyə o əlavə edib.
Şöbə müdiri bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsi nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. “YAŞAT” Fondunun təşəbbüsü ilə Türkiyədən və İsraildən dəvət olunan həkim heyəti tərəfindən qazilərimiz müayinə olunur. Şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri davam etdirilir. Bu sahədə həyata keçirilən tədbirlər hər zaman olduğu kimi, ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Vüqar Novruzov Prezident İlham Əliyevə təşəkkürünü bildirərək deyib: “Müzəffər Ali Baş Komandanımıza minnətdarıq, 30 ildən sonra bizə bu möhtəşəm qələbəni yaşatdı. Azərbaycan Ordusunda 17 il müxtəlif hərbi vəzifələrdə xidmət etmişəm. "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli və "Azərbaycan ordusunun 100 illiyi (1918-2018)" yubiley və "Vətən naminə" medalları ilə təltif olunmuşam. Vətən müharibəsi zamanı mayor rütbəsi ilə Murov yüksəkliyi, Talış və Suqovuşan uğrunda döyüşlərdə iştirak etmişəm. Oktyabrın 19-da Suqovuşanda yaralanıb, sol ayağımı itirmişəm. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşam. Bir hərbçi kimi Vətən müharibəsinin, “Dəmir yumruq” əməliyyatının Zəfərlə başa çatmasında pay sahibi olduğum üçün qürur hissi keçirirəm”.