Vüqar Süleymanov: İnsanlar xəbərdarlıqlara, maarifləndirmə tədbirlərinə baxmayaraq təhlükəli ərazilərə daxil olurlar
Bakı, 2 may, AZƏRTAC
Təəssüflər olsun ki, mina partlayışı hadisələri davam edir. Son bir həftə ərzində ard-arda bir neçə mina partlayışı hadisəsi baş verib. İnsanlar xəbərdarlıqlara, keçirdiyimiz maarifləndirmə tədbirlərinə, ərazilərdə yerləşdirilmiş təhlükəli nişanlara baxmayaraq həmin ərazilərə daxil olurlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
“Vətəndaşlarımıza bir daha səslənib xahiş etmək istəyirəm ki, diqqətli olsunlar, qoyulmuş qaydalara riayət etsinlər, qanunsuz səfərlərdən çəkinsinlər ki, həyatlarında faciə baş verməsin.
2021-ci ildə ANAMA ilə ABŞ-ın Marşal İrsi İnstitutu arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən ölkəmizə beş xüsusi təlim keçmiş it gətirilib. Bundan əlavə bu il ərzində Azərbaycana əlavə minaaxtaran itlər gətiriləcək”.