Vyanada törədilən terror aktı ilə əlaqədar 14 nəfər saxlanılıb
Vyana, 3 noyabr, AZƏRTAC
Noyabrın 2-də Vyana şəhərinin mərkəzində terror aktından sonra qısa müddətdə 6 fərqli məkanda atışmanın baş verməsi cinayətin bir neçə terrorçu tərəfindən törədildiyi barədə iddiaları artırıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 3-də keçirilən mətbuat konfransında Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer indiyədək əldə edilən dəlillər əsasında terrorçunun təkbaşına hərəkət etdiyi ehtimalını irəli sürüb. Qeyd edilib ki, nazirliyin internet portalına şəhər sakinləri tərəfindən hadisə ilə bağlı 22 mindən artıq videogörüntü yüklənib və onların təxminən yarısının araşdırılması zamanı kriminalistlər digər mümkün terrorçuların ərazidə hərəkətini isbatlayan görüntülər aşkarlamayıblar.
Nazir, həmçinin deyib ki, terror aktı nəticəsində yaralananların sayı 22 nəfər olub. Terrorçunun ağır yaraladığı polis əməkdaşının vəziyyəti cərrahi əməliyyatdan sonra kafi qiymətləndirilir. K.Nehammer həmin polis işçisini atəş altından Avstriya vətəndaşı olan iki miqrant tərəfindən çıxarılmasını minnətdarlıqla qeyd edib. Bildirib ki, terrorçuların əsas hədəfi cəmiyyətdə nifaq salmaq olub. Lakin Avstriyada bu, mümkün olmayacaq. Həmin miqrant gənclərin hərəkətləri Avstriya cəmiyyətinin birliyini nümayiş etdirir.
Mətbuat konfransında qeyd edilib ki, terror aktı ilə əlaqədar Vyana, Sankt-Pölten və Lints şəhərlərində 18 mənzildə axtarış həyata keçirilib, terrorçunun yaxın çevrəsinə aid 14 nəfər saxlanılıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana