“Williams” komandasının yeni bolidinin təqdimatına sayılı günlər qalıb
Bakı, 9 yanvar, AZƏRTAC
Böyük Britaniyanın “Williams” komandasının yeni bolidinin (FW46) təqdimatına bir aydan az müddət qalıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, komandanın rəsmi saytında maraqlı foto yerləşdirilib. Ehtimal ki, bu, müvafiq əhvali-ruhıyyə yaratmaq və maraq oyatmaqdan ötrüdür.
Hələ ötən ilin dekabrında “Williams” təqdimatın fevralın 5-də təşkil olunacağını, tədbirin Nyu-Yorkda keçiriləcəyini elan etmişdi. Komanda “Red Bull Racing” və “AlphaTauri”nin ötənilki nümunəsinin davamı olaraq, bir neçə səbəbə görə mövsümə ABŞ-ın ən iri şəhərində parlaq mərasimlə başlamaq qərarına gəlib. Birincisi, “Williams”ın sahibi - Amerikanın “Dorilton Capital” investisiya fondunun ofislərindən biri Nyu-Yorkda yerləşir. İkincisi, Loqan Sarcent ABŞ-ın Formula 1-də yeganə təmsilçisidir. Üçüncüsü, bu ölkə ərazisində artıq üç Qran-Pri keçirilir və çempionatın populyarlığı okeanın o tayında da artmaqda davam edir.
Təqdimat mərasiminin fevralın lap əvvəlində keçiriləcəyini nəzərə alsaq, komanda çətin ki, yeni maşınını nümayiş etdirsin. Çünki adəti üzrə FW46 üzərində gərgin iş mövsümqabağı testlərədək davam edəcək, biz Nyu-Yorkda yalnız yenilənmiş rənglənməni görə biləcəyik. “Williams”ın rəhbərliyinin təmsilçiləri və pilotlar çıxış edəcək, həmçinin mətbuatla ünsiyyətdə olacaqlar.
“2024-cü il mövsümünün başlanmasına həsr olunmuş təqdimatımıza bir ay qalır. Biz bu tarixi hadisədə sizin də iştirakınızı istərdik. Bizim yeni kampaniyamız rəsmi olaraq fevralın 5-də, bazar ertəsi Nyu-Yorkda xüsusi mərasimlə başlayacaq. Təqdimatla bağlı mühüm detalları öyrənmək üçün “Williams Racing”in rəsmi tətbiqini yükləyin”, - deyə komandanın mətbuat xidməti azarkeşlərə müraciətində bildirib.
2024-cü ilin maşını Ceyms Vaulzun rəhbərliyi altında işlənib hazırlanan birinci şassi olacaq. Ötən ilin noyabrında texniki direktor vəzifəsinə Pet Fray təyin edilib. FW46 maşını üzərində aparılan işə final mərhələsində qoşulmasına baxmayaraq, Frayın bu layihəyə təsiri məhdudlaşdırılıb. O, komandanın sürətlə inkişaf etdiyini vurğulayaraq deyib: “Fikrimcə, bu komanda irəliləyəcək. Gizlətməyin mənası yoxdur ki, görüləsi işlər çoxdur. Hesab edirəm ki, komandanın məqsədyönlülükdə fərqləndiyini hər kəs görür. Belə ab-hava rəhbərlik tərəfindən gəlməlidir və bu, “Williams”da belədir”.