WUF13-də mənzil və səhiyyə məsələlərinə dair dialoq təşkil edilib
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Davamlı mənzil siyasətləri vasitəsilə səhiyyə nəticələrinin gücləndirilməsi: Mənzil və səhiyyə üzrə çoxsektorlu dialoq” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “One UN” tədbiri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa üzrə İqtisadi Komissiyası, Ətraf Mühit Proqramı, Məskunlaşma Proqramı, Uşaq Fondu (UNICEF), Fəlakət Risklərinin Azaldılması Ofisi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri bir araya gələrək, mənzil siyasəti, sosial inklüzivlik, dayanıqlılıq və iqlimə davamlılıq, həmçinin bu amillərin şəhər mühitində sağlamlığa təsirləri mövzusunda dialoq aparıblar.
Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Natali Roebbel, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Şəhərlər Bölməsinin rəhbəri Gülnarə Roll, UNICEF-in Ətraf Mühit Sağlamlığı üzrə rəhbər Abheet Solomon (videomüraciət), ÜST-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı Turanə Əliyeva və başqaları çıxış ediblər.
Sessiya çərçivəsində bu istiqamətlərin daha uyğunlaşdırılmış və praktik “One UN” həllərinə necə çevrilə biləcəyi, davamlı mənzil siyasətləri vasitəsilə sağlamlıq nəticələrinin necə gücləndirilə biləcəyi müzakirə olunub. Bildirilib ki, mənzil məsələsi insan və ekosistem sağlamlığı, rifah ilə dərin və ayrılmaz şəkildə bağlıdır. Müxtəlif şəhər kontekstlərində mənzil siyasətləri yalnız yaşayış şəraiti ilə deyil, həm də əlçatanlıq, yerləşmə, iqlim və fəlakət risklərinə davamlılıq, əsas xidmət və infrastruktur imkanlarına çıxış, ekoloji rifah və biomüxtəliflik kimi daha geniş struktur amillər vasitəsilə formalaşır. Bunların təhsil nəticələrinə, iqtisadi məhsuldarlığa və digər sahələrə də dolayı təsirləri olur.
BMT sistemi çərçivəsində fəaliyyət göstərən müxtəlif qurumlar uzun illərdir ki, mənzil təminatı məsələlərinə fərqli, lakin bir-birini tamamlayan prizmadan yanaşırlar. Bu qurumların prioritet istiqamətləri fərqlənsə də, onların fəaliyyəti bütövlükdə həssas əhali qrupları üçün, eləcə də qeyri-rəsmi və ya yüksəkriskli şəhər mühitində yaşayan insanların sağlamlıq göstəricilərinin və rifahının yaxşılaşdırılmasına yönəlib. Bu baxımdan, mənzil və səhiyyə məsələlərinin kəsişməsi “One UN” dialoqunun mühüm əlavə dəyər yarada biləcəyi strateji platformadır. Müxtəlif mandat və baxış tərzlərinin konsolidasiyası sayəsində BMT sistemi milli və yerli hökumətlərə pərakəndə yanaşmalardan uzaqlaşmağa, eləcə də insanların sağlamlığını, sosial bərabərliyi və şəhər dayanıqlığını təmin edən daha inteqrasiya olunmuş, çoxsektorlu və çoxsəviyyəli həllərin tətbiqinə yönəlmiş effektiv dəstək göstərə bilər.