Xabarovskdakı Azərbaycan diasporu xeyriyyə aksiyası keçirib
Moskva, 31 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının Xabarovsk şəhərindəki Azərbaycan diasporu Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Yeni il xeyriyyə aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, Xabarovsk şəhərindəki Azərbaycan diasporu Yeni il bayramı ərəfəsində bir sıra tədbirlər keçirib - uşaq evlərinə, internatlara baş çəkib, uşaqları sevindirib.
Azərbaycan diasporunun üzvləri 3 nömrəli internatda, çətin vəziyyətə düşmüş uşaqlar üçün “Uşaqların və gənclərin asudə vaxtının təşkili mərkəzi” bələdiyyə müəssisəsində, Vətənpərvər yeniyetmələr klubunda olub, bu mərkəzlərdəki uşaqlara oyuncaqlar və şirniyyat hədiyyə ediblər.
Maddi ehtiyacı olan çoxuşaqlı ailələrə ərzaq dəstləri verilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva