REGİONLAR
Xaçmazda dəmir yolu üzərində yeni yerüstü piyada keçidləri inşa olunub



Xaçmaz, 3 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Sumqayıt-Yalama dəmir yolu xəttinin Xaçmaz rayonu ərazisindən keçən hissəsində tikinti-quraşdırma işləri çərçivəsində yeni yerüstü piyada keçidləri inşa edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Çarxı stansiyası ərazisində quraşdırılan yerüstü piyada keçidində son tamamlama işləri aparılır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama dəmir yolu üzərində, ümumilikdə 13 yerüstü piyada keçidinin tikintisi nəzərdə tutulub. Əsas yaşayış mərkəzlərində yerləşən stansiyalarda inşa edilən yerüstü piyada keçidləri fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan liftlərlə təchiz olunur. Bu piyada keçidləri sakinlərin təhlükəsiz hərəkətini təmin edəcək.
Sumqayıt-Yalama dəmir yolunun uzunluğu 167,7 kilometrdir. Dəmir yolu xəttinin yenidən qurulması keyfiyyətli və sürətli yük daşımalarının həyata keçirilməsi, bu əməliyyatların etibarlı və təhlükəsiz şəkildə icra olunması Azərbaycanın nəqliyyat-tranzit potensialından daha geniş və səmərəli istifadə edilməsi üçün şərait yaradacaq.