REGİONLAR
Xaçmazda turistlərin ən çox istifadə etdiyi yola yeni asfalt döşənir VİDEO
Xaçmaz, 29 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda turizm əhəmiyyətli Xudat-Nabran avtomobil yoluna yeni asfalt örtüyünün döşənməsi iyun ayında başa çatdırılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər il on minlərlə turistin istifadə etdiyi yolun uzunluğu 25 kilometrdir. Altı min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda yenidənqurma işlərinə aprelin 20-dən başlanılıb.
Artıq yolun 7,5 kilometrinə birinci qat asfalt döşənib. İşlərin ilk mərhələsi mayın 15-dək başa çatdırılacaq. Bundan sonra yola ikinci qat asfalt döşənəcək.
Müasir standartlara cavab verən ikizolaqlı avtomobil yolu dördüncü texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsinin eni 7,5 metrdir.