Xaçmazlı məktəblilər arasından ədəbiyyat biliciləri seçilir VİDEO
Qusar, 17 fevral , Elxan Yusifli, AZƏRTAC
Xaçmazda “Ədəbiyyat biliciləri” respublika müsabiqəsinin ikinci - rayon turuna 89 ümumtəhsil məktəbindən 112 şagird qatılıb. Müsabiqədə rayonun ümumtəhsil məktəblərinin VIII-XI siniflərinin şagirdləri üç saat ərzində 12 sualı yazılı cavablandırıblar.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, fevralın 17-də təşkil olunan rayon mərhələsinin iki qalibi Bakı şəhərində keçiriləcək ölkə turuna vəsiqə qazanacaq.
Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, onlarda mütaliə vərdişlərini formalaşdırmaq və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.
Müsabiqə məktəb, rayon və respublika mərhələlərində keçirilir. Müsabiqənin məktəb mərhələsi noyabr-dekabr aylarında yekunlaşdırılıb, yekun tur isə mart-aprel aylarında keçiriləcək.