REGİONLAR
Xaçmazlı seçici: Seçiləcək şəxslər rayonumuzun inkişafı üçün səylə çalışmalıdırlar VİDEO
Xaçmaz, 23 dekabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkədir. Sevindirici haldır ki, bu gün bələdiyyə seçkilərində məntəqəyə gələn ilk seçicilər arasında da qadınlar çoxdur. Biz demokratik dəyərlərimizə sahib çıxmalıyıq. Bütün seçkilərdə fəal olmalı, seçib-seçilmək hüququmuzdan istifadə etməliyik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində xaçmazlı seçici Gülzar Arazova söyləyib.
55 saylı Xaçmaz şəhər seçki dairəsinin Zərifə Əliyeva adına məktəb-liseydə yerləşən 1 saylı seçki məntəqəsində səs verən G.Arazova səsvermə üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
“Bələdiyyəmizin gələcəyi ilə bağlı seçim edirik. Seçiləcək şəxslər rayonumuzun inkişafı, abadlığı üçün səylə çalışmalıdırlar. Məhz buna görə də daha perspektivli namizədlərə səs verdim. Məntəqədə müşahidəçilər seçki prosesini diqqətlə izləyirlər. Sakit və şəffaf şəraitdə səsvermə keçirilir. Fikrimizi azad ifadə etməyimiz üçün heç bir maneə yoxdur. Seçkilərdən sonra fəaliyyətə başlayacaq bələdiyyə üzvlərinə uğurlar arzulayıram”, - deyə Gülzar Arazova bildirib.