İQTİSADİYYAT
Xalik Məmmədov: Bərpaolunan enerji sektorunda yüksəkixtisaslı kadrların hazırlanmasına ciddi ehtiyac var
Bakı, 2 iyun, AZƏRTAC
Yaşıl enerjiyə keçidi sürətləndirmək, keçid prosesini effektiv etmək və gələcəkdə ölkənin yaşıl iqtisadiyyatını səmərəli şəkildə idarə edə bilmək üçün yüksəkixtisaslı kadrların, mütəxəssislərin və mühəndislərin hazırlanmasına ciddi ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov iyunun 2-də Bakı Enerji Forumunda deyib.
O bildirib ki, iqlim dəyişikliyi və digər qlobal çağırışlar fonunda SOCAR neft-qaz sənayesində zəngin təcrübədən istifadə etməklə gələcək inkişaf çərçivəsində bioyanacaq və hidrogen kimi digər aşağı karbonlu biznes fəaliyyətlərində iştirakını nəzərdə tutur: “Bərpaolunan enerji sektorunun inkişafı bu sektorda məşğulluq imkanlarını artırır. Təbii ki, əmək bazarı və təhsil müəssisələri bu artıma hazır olmalıdır. Bərpaolunan enerji sektorunda işçi sayı 2020-ci ildə dünya üzrə 12 milyon, 2021-ci ildə 12 milyon 700 min nəfər qeydə alınmışdısa, 2050-ci ildə bu rəqəmin 43 milyona çatacağı gözlənilir”.
Xalik Məmmədov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində məhz yaşıl enerji layihələrinə üstünlük verilib. Həmin ərazilərdə günəş enerjisi potensialı 7200 meqavat və külək enerjisi potensialı isə 2000 meqavat olaraq müəyyən edilib.
O, həmçinin qeyd edib ki, yaşıl və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpaolunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyaları artırmaq məqsədilə innovasiya startaplarının sayının artırılması düşünülür.