“XALQ QƏZETİ”NİN XÜSUSİ BURAXILIŞI
Prezidentin “Biz Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik!” sözlərinin epiqraf seçildiyi xüsusi buraxılışda kollektiv oxuculara ABŞ Prezidenti Corc Buşun, Türkiyə Prezidenti Əhməd Necdət Sezərin, Fransa Prezidenti Jak Şirakın, Rusiya Prezidenti Vladimir Putinin, Ukrayna Prezidenti Leonid Kuçmanın və Almaniyanın federal kansleri Gerhard Şröderin dövlətimizin başçısının fəaliyyətinə inam dolu səmimi fikirləri təqdim olunur. Bu baxımdan Türkiyə Prezidentinin dedikləri çox xarakterikdir: “Qardaş Azərbaycanın Sizin rəhbərliyiniz altında sabitlik və inkişaf yolunda atdığı mühüm addımlar və beynəlxalq aləmdə əldə etdiyi nüfuzlu mövqeyi bizi sevindirir”.
Xüsusi buraxılışdakı analitik xarakterli materiallar - Prezidentin İcra Aparatının rəhbəri, fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevin “İlham Əliyevin Prezident seçilməsi Azərbaycan xalqının siyasi şüurunun yüksək olduğunu bir daha sübut etdi”, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın “Dahilik məktəbinin istedadlı yetirməsi”, Milli Məclisin deputatı, əməkdar elm xadimi, tarix elmləri doktoru Yaqub Mahmudovun “İlham Əliyev - qloballaşan dünyanın görkəmli dövlət xadimi”, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Səttar Səfərovun “Gələcək uğurların möhkəm bünövrəsi olan bir il”, bəstəkar, xalq artisti professor Arif Məlikovun “Mədəniyyət xalqın özü, dünyanın isə millətə baxan gözüdür” sərlövhəli yazıları xüsusilə böyük maraq doğurur.
Qəzetin əməkdaşı Oqtay Bayramovun “Olimpiya ordeni və Olimpiada medalları ilə əlamətdar olan bir il” sərlövhəli məqaləsində isə dövlətimizin başçısının öz fəaliyyətində daim xüsusi diqqət yetirdiyi bir sahədə - xalqımızın gələcəyi olan gənc nəslin sağlam böyüməsi üçün böyük əhəmiyyəti olan bədən tərbiyəsi və idmanın inkişafında əldə edilmiş uğurlardan söhbət açılır.
Xüsusi buraxılışda xarici mətbuatda Azərbaycan Respublikasının Prezidenti haqqında dərc olunmuş materiallardan seçmələr də verilmişdir.
Fotoşəkillərlə zəngin və zövqlə tərtib edilmiş səkkizsəhifəlik xüsusi buraxılış “CBS” mətbəəsində çap olunmuşdur.