XALQIMIZ PARLAMENT SEÇKİLƏRİNDƏ YENİ AZƏRBAYCAN PARTİYASINI DƏSTƏKLƏMƏKLƏ PREZİDENTİMİZİ DƏSTƏKLƏMİŞDİR
Tədbirdə institutun direktoru İvan Rasputenkonun dəvəti ilə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev də iştirak etmişdir. Azərbaycan diplomatı çıxışında auditoriyanı ölkəmizin indiki həyatı ilə tanış edərək vurğulamışdır ki, Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan demokratiya, əsaslı bazar islahatları və tərəqqi yolu ilə ardıcıl və sürətlə irəliləyir. Xüsusi vurğulanmışdır ki, respublikada keçirilən və əhalinin əksəriyyətinin Yeni Azərbaycan Partiyasını dəstəklədiyi parlament seçkiləri xalqımızın dövlət başçısına etimadının, ona bəslədiyi ümidlərin ən yüksək səviyyədə olduğunu nümayiş etdirmişdir. Radikal müxalifətin məğlubiyyəti göstərmişdir ki, onun liderləri firavan həyat barədə şüarlardan savayı xalqa heç nə təklif etmirlər. Xalqımız onların 1992-ci ildəki uğursuz hakimiyyət dövrünü yaxşı xatırlayır.