XARİCİ İŞLƏR NAZİRİ SERGEY LAVROV AZƏRBAYCANLA RUSİYA ARASINDA TƏRƏFDAŞLIQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF EDƏCƏYİNƏ ƏMİNDİR
RF XİN-in başçısı ölkənin xarici siyasi xətti və Rusiyanın digər dövlətlərlə münasibətlərinin perspektivləri barədə məlumat vermişdir. O vurğulamışdır ki, indiki siyasi xətt davam etdiriləcək, xarici siyasətin strateji istiqamətlərində dəyişikliklər nəzərdə tutulmamışdır.
AZƏRTAC-ın müxbirinin “Rusiya öz siyasətində Azərbaycana nə kimi rol ayırır, Azərbaycanla münasibətləri strateji münasibətlər hesab edirmi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində yaxın perspektivdə Rusiyanın səylərinin fəallaşmasını gözləmək olarmı?” sualına nazir belə cavab vermişdir: “Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsi Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edərkən - telefon danışığı zamanı da təsdiq olunmuşdur. Bizim dostluq və tərəfdaşlıq münasibətlərimiz birmənalı şəkildə təsdiqlənmişdir və bu münasibətlər fəal sürətdə inkişaf edəcəkdir”.
S.Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Rusiyanın səylərinin fəallaşdırılmasının mümkünlüyünə toxunaraq demişdir: “Rusiya Qarabağ münaqişəsinin nizama salınmasında öz səylərini davam etdirməyə çalışacaqdır”. O bildirmişdir ki, Rusiya ABŞ və Fransa ilə birgə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və bu qrup çərçivəsində münaqişənin həllinin məqbul yollarını axtarıb tapmağa cəhd göstərir. Münaqişənin nizama salınması yollarının axtarılıb tapılması səyləri çərçivəsində bir sıra güzəştli variantlar hazırlanmışdır. Bu variantları müəyyən mərhələdə həyata keçirməyə imkan olmuşdur və tərəflər onları konseptual planda qəbul edirdilər, lakin bu konsepsiyaların faktiki reallaşdırılması texniki çətinliklərlə üzləşmiş və sonradan sanki siyasi xarakter almışdır. O demişdir: “Biz bu məsələni maraqlı tərəflərin əvəzinə həll edə bilmərik və ümid edirik ki, Yerevan ilə Bakı arasında birbaşa dialoq münaqişənin həllinə və bütün regionda vəziyyətin sabitləşməsinə ciddi surətdə kömək edə biləcək kompromisi tapmağa imkan yaradacaqdır”.