Xarici ölkələrin Konstitusiya məhkəmələrinin nümayəndə heyəti Ədəbiyyat Muzeyində
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi münasibətilə ölkəmizə səfər edən bir sıra xarici ölkələrin Konstitusiya məhkəmələrinin nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Muzeylə yaxından tanışlıq zamanı qonaqlara bildirilib ki, 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilmiş bina 1915-ci ildə ikinci mərtəbə artırılaraq mehmanxana kimi fəaliyyət göstərib. 1918-1920-ci illərdə burada Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti, 1920-1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqı yerləşib. 1939-cu ilin noyabrında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə respublika Nazirlər Sovetinin qərarı ilə Nizami Muzeyi yaradılıb. Muzeyin həmin binada yerləşdirilməsi məqsədilə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsinə əsasən burada yenidənqurma işləri aparılıb, fasadda heykəllər qoyulub, daha iki mərtəbə əlavə edilib.
Qonaqları muzeyin şöbə müdiri Tomiris Babanlı, elmi işçisi Aygün Abbasquliyeva, böyük elmi işçi Sevinc Heydərova müşayiət ediblər.
Ədəbiyyat Muzeyinin zəngin ekspozisiyası ilə tanış olan nümayəndə heyətinə Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.
Muzeyin qiymətli eksponatlarını - əlyazmaları, klassik əsərlərə toxunmuş süjetli xalçaları, miniatürləri, şair və yazıçılarımızın əsərləri əsasında çəkilmiş tablo və illüstrasiyaları izləyən qonaqlar sonda təəssüratlarını “Rəylər kitabı”na yazıblar.