Xətai rayonunda ağacəkmə aksiyası keçirilmişdir
Bakı, 26 dekabr (AZƏRTAC). Xətai rayonunda ənənəvi ağacəkmə aksiyası keçirilmişdir. Aksiyaya rayon ərazisində fəaliyyət göstərən müəssisələrin işçiləri ilə yanaşı, ərazidə gəzintiyə çıxan sakinlər də qoşulmuşlar.
AZƏRTAC xəbər verir ki, ağacəkmə kampaniyası əvvəlcə rayonun İnqilab İsmayılov küçəsindəki yol kənarında başlamışdır. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun, rayonun idarə, müəssisə rəhbərlərinin də iştirak etdikləri aksiyada ümumilikdə min nəfər iştirak etmişdir. Aksiya çərçivəsində mindən çox zeytun ağacı və dekorativ kol əkilmişdir. Rayonun florasının zənginləşdirilməsi məqsədilə xarici ölkələrdən yeni ağac tingləri gətirilmişdir. Ümumilikdə bu ərazilərdə yaşıllıqların salınması Bakı və Bakıətrafı ekoloji tarazlığın qorunmasına və bərpa olunmasına xidmət edir. Ağacların əkilməsi rayonun digər küçə və prospektlərində də aparılmışdır. Rayonun Zığ şosesində yol kənarındakı istifadəyə yarasız ərazilərdə yaşıllıq zolaqlarının salınması işi davam etdirilir. Burada əraziyə təbii ot örtükləri və meşə zolaqları salınmışdır.
Ümumilikdə, bu il ərzində 100 min kvadratmetr əraziyə yaşıllıq salınmışdır. Rayon ərazisində həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində Cavanşir küçəsi 7-də yerləşən “Abad həyət”də yenidənqurma işləri aparılmışdır. Burada sakinlərin rahat istirahətini təmin etmək məqsədilə yeni oturacaqlar quraşdırılmış, əraziyə ağaclar və gül kolları əkilmişdir. Quruyan ağaclar isə yeniləri ilə əvəz olunmuşdur. Həyətin mərkəzində uşaqların idmanla məşğul olmaları üçün istifadə olunan mini-stadion da təmir olunmuşdur. “Xocalı” parkında isə biomüxtəlifliyin artırılması və rayonun florasının zənginləşdirilməsi məqsədilə Türkiyə, Bolqarıstan, İspaniya, İtaliya, Sloveniyadan və digər dövlətlərdən gətirilən gül və ağac kolları əkilmişdir. Rayonun abadlaşdırılması, təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində aparılan işlər hər həftə davam edəcəkdir.