HEYDƏR ƏLİYEV - 100
Xəyal Bəşirov: Ulu Öndərin həyat fəlsəfəsinə həsr olunmuş tədbirlər davam etdiriləcək

Bakı, 28 avqust, AZƏRTAC
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ulu Öndər Heydər Əliyevin həyatına, onun Azərbaycanla bağlı atdığı addımlara, yürütdüyü siyasətə və gördüyü işlərə həsr olunmuş silsilə tədbirlər həm ölkə daxilində, həm də ölkə xaricində davam etməkdədir. Bugünkü tədbir də “İMZA”nın təşkilatçılığı ilə elə məhz Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətə, onun keçdiyi böyük yola həsr olunmuş tədbirlərdən biridir. Hesab edirəm ki, bu gün Ulu Öndərin həyat fəlsəfəsini, o cümlədən də onun yeni Azərbaycanın banisi kimi gördüyü işlərini qeyd etmək üçün bu kimi tədbirləri davam etdirməyə böyük ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında avqustun 28-də Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev, Böyük Lider” adlı beynəlxalq konfransda “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədr müavini, politoloq Xəyal Bəşirov söyləyib.
“Azərbaycan dövləti qalib dövlətdir, Azərbaycan xalqı qalib xalqdır. Təbii ki, bizim Qələbəmizin əldə edilməsində Ulu Öndərin böyük rolu var. Hazırkı tədbirdə məhz həmin o məqamlara həsr olunmuş məsələlər müzakirə ediləcək. Təbii ki, biz də bu müzakirələrdə iştirak etdiyimizə görə, qürur duyuruq, fəxarət hissi keçiririk. 2023-cü ilin qalan ayları ərzində də Ulu Öndər Heydər Əliyevin həyat fəlsəfəsinə həsr olunmuş bu kimi tədbirlər davam edəcək”, - deyə İctimai Birliyin sədri bildirib.