Xəyallarının ardınca BDU-ya...- Prezident təqaüdçüsü olan rəfiqələrin uğur hekayəsi
Bakı, 26 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) bu il Prezident təqaüdünə layiq görülən 15 tələbəsi arasında Filologiya fakültəsinin I kurs tələbələri Aydan Rəcəbova və Firanə Şahverdiyeva da var. Onlar ortaq uğur hekayələri ilə seçilirlər. Dörd yaşından başlayan dostluq, eyni parta arxasında keçən məktəb illəri, üçqat olimpiada qalibiyyəti, BDU-da kəsişən tələbəlik yolları və Prezident təqaüdünün birgə sevinci...
Aydan və Firanə AZƏRTAC-a açıqlamalarında ortaq xəyallarını necə gerçəkləşdirdiklərindən danışıblar.
Uşaqlıqdan dost olan iki gəncin uğurunda illərlə qorunan dostluq, ortaq arzular və təhsilə bağlılıq mühüm rol oynayıb. Dörd yaşında tanış olan Aydan və Firanə məktəb illərini eyni sinifdə, hazırlıq dövrünü isə birgə keçiriblər. Təhsil yolları boyunca bir-birinə dəstək olan dostlar yüksək nəticə əldə etməyi qarşılarına məqsəd qoyublar. Hər ikisi respublika fənn olimpiadalarının üçqat qalibi olub. Universitetə müsabiqədənkənar qəbul olmaq imkanları olsa da, onlar blok imtahanlarında iştirak edərək Prezident təqaüdünə layiq görülməyi hədəfləyiblər.
Azərbaycan dili və ədəbiyyatına maraq hər iki gəncin ixtisas seçimində əsas rol oynayıb. Aydan müəllimlik peşəsinə uşaqlıqdan maraq göstərib, Firanənin bu sahəni seçməsində isə anasının müəllim olması və ona nümunə göstərməsi mühüm təsir edib. Hər ikisi ana dilinin zənginliyini, qrammatik xüsusiyyətlərini və tədris metodikasını dərindən öyrənməyi, gələcəkdə bu sahənin inkişafına töhfə verməyi qarşılarına məqsəd qoyublar.
BDU-da təhsil almaq arzusu da onların ortaq hədəflərindən biri olub. Universitetin mühitinə və tarixinə maraq göstərən gənclər nəhayət, eyni fakültədə tələbə adını qazanıblar. Bu gün isə həm tələbə yoldaşı, həm də Prezident təqaüdçüsü kimi uğurlarını bölüşürlər. Onlar gələcəkdə seçdikləri peşə üzrə bilik və bacarıqlarını inkişaf etdirməyi, Azərbaycan dili və ədəbiyyatının tədrisinə töhfə verməyi qarşılarına məqsəd qoyublar.