XƏZƏRİN NEFT-QAZ YATAQLARININ İSTİSMARINA HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Konfransı giriş sözü ilə akademik Azad Mirzəcanzadə açmışdır. Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin “Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının mənimsənilməsində “Əsrin müqaviləsi”nin əhəmiyyəti” mövzusunda məruzəsi dinlənilmişdir. Təhsil nazirinin müavini İradə Hüseynova, Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov, Dövlət Neft Şirkətinin Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyinin baş direktoru, AMEA-nın müxbir üzvü Kərim Kərimov çıxış etmişlər. Məruzə və çıxışlarda ümummilli liderimiz Heydər Əliyevin yeni neft strategiyasının uğurla həyata keçirilməsindən bəhs edilmiş, ötən on ildə respublikamızda baş vermiş sosial-iqtisadi inkişafda “Əsrin müqaviləsi”nin oynadığı tarixi rol açıqlanmışdır. Xəzərin Azərbaycan sektorundakı karbohidrogen yataqlarından daha səmərəli istifadə ilə bağlı elmi cəhətdən əsaslandırılmış layihələrin həyata keçirilməsinin zərurəti vurğulanmışdır. Konfransda iştirak edən xarici neft şirkətlərinin nümayəndələri onların fəaliyyəti üçün ölkədə yaradılmış geniş imkanlardan razı qaldıqlarını, Azərbaycana tərəddüd etmədən milyonlarla dollar məbləğində sərmayə qoyduqlarını bildirmişlər.
Azərbaycan Prezidenti İlham Əliyevin müasir, sivil dünya siyasətinə dərindən bələdliyi, dövlət rəhbəri kimi öz fəaliyyətində bu dəyərləri əsas tutması xüsusi qeyd edilmişdir. Uğurla aparılan neft strategiyasının Azərbaycanın bütün sahələrdə tərəqqisinə gətirib çıxaracağı fikri vurğulanmışdır.