XII Bakı Beynəlxalq Kitab Sərgisində “Pampuşun səyahəti” kitabı təqdim olunub
Bakı, 25 oktyabr, AZƏRTAC
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” adlı kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, müəllifin ilk kitabı olan “Pampuşun səyahəti” balaca oxucuları kiçik bir buludun maraqlı dünyasına səyahətə dəvət edir.
Hekayə boyunca bulud öz təcrübələrini, müşahidələrini və hisslərini bölüşərək uşaqları özlərini olduqları kimi qəbul etməyə, duyğularını anlamağa, ətraf aləmə daha diqqətlə yanaşmağa və dünyanı kəşf etməyə həvəsləndirir.
AZƏRTAC-ın müxbirinə açıqlamasında müəllif bildirib ki, kitab oxuculara fərqlilikləri qəbul etməyin, xəyal qurmağın və insanın öz daxili aləmini tanımasının vacibliyini xatırladır.
“Bu hekayə vasitəsilə həm balaca oxucuların, həm də onlarla birlikdə kitabı oxuyan böyüklərin diqqətini rəqəmsal vasitələrdən təbiətin gözəlliklərinə yönəltməyə çalışmışam. Məqsədim uşaqları öz hisslərini tanımağa və ifadə etməyə təşviq etməkdir. Kitab, eyni zamanda, səmanın, buludların və duyğular aləminin böyüklərlə uşaqlar arasında səmimi söhbət mövzusuna çevrilə biləcəyini göstərir, oxucuları insanın daxili dünyasının zənginliyini kəşf etməyə dəvət edir”, – deyə o vurğulayıb.
Sərvinaz Eminova qeyd edib ki, “Pampuşun səyahəti” buludlardan ilhamlanan “Cloud Art” yaradıcılıq layihəsi çərçivəsində ərsəyə gəlib.
“Həm uşaqlara, həm də böyüklərə xitab edən layihə insanları səmaya daha diqqətlə baxmağa, buludların formalarında müxtəlif obrazlar görməyə və gündəlik həyatın içində gizlənən gözəllikləri kəşf etməyə dəvət edir”, – deyə müəllif əlavə edib.
Qeyd edək ki, layihənin əsas məqsədi insanla təbiət arasında mənəvi bağın gücləndirilməsi, ətraf aləmə həssas münasibətin və yaradıcı təfəkkürün təşviq edilməsidir.