REGİONLAR
XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının növbəti konserti İohannes Bramsın 190 illiyinə həsr olunub
Qəbələ, 2 avqust, Mustafa Dadaşov, AZƏRTAC
XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə görkəmli alman bəstəkarı İohannes Bramsın 190 illik yubileyinə həsr olunmuş “Bramsı sevirsiniz?” adlı konsert proqramı təqdim olunub. Kamera musiqisi axşamında festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə Azərbaycanın Xalq artisti, pianoçu Fərhad Bədəlbəyli, Henri-David Varema (violençel, Estoniya), beynəlxalq müsabiqələr laureatı Dennis Həsənov (violin, Rusiya), həmçinin Əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Səbinə Əsədova (mezzo-soprano) maraqlı konsert proqramı ilə çıxış ediblər. Solistləri pianoda Rebekka Maqomedova müşayiət edib.
Konsertdə İohannes Bramsın “3 nömrəli violin sonatası”, “Piano, violin və violençel üçün Trio”, “Qız”, “Əbədi sevgi haqqında”, “Mənim sevgim yaşıldır”, “Təkcə gülüşün”, həmçinin 3 duet – “Sevgi yolu” (Allegro), “Sevgi yolu” (Poco Adagio) və “Dəniz” əsərləri səsləndirilib.