Xırdalanda genişmiqyaslı dezinfeksiya işləri görülür
Xırdalan, 11 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasına qarşı həyata keçirilən profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə Abşeron rayonunda genişmiqyaslı işlər görülür. Rayon icra hakimiyyəti başçısının yanında yaradılan operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq, Gigiyena və Epidemiologiya Mərkəzinin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən rayon ərazisi mütəmadi dezinfeksiya olunur.
Rayon operativ qərargahından AZƏRTAC-a bildirilib ki, idarə, müəssisə və təşkilatların inzibati binaları, istirahət parklarının ərazisi, ictimai yaşayış binalarının girişləri, blokları, həyətləri, bank və bankomatların, aptek və ərzaq mağazalarının qarşısı, eyni zamanda, marşrut avtobusları, dayanacaqlar və digər zəruri yerlərdə, prospekt, küçə və səkilərdə xüsusi maşınlarla yuyulma və dərmanlanma işləri aparılır. Aprelin 11-də Xırdalan şəhəri də daxil olmaqla, rayonun 15 kənd və qəsəbəsində genişmiqyaslı dezinfeksiya tədbirləri həyata keçirilib.
Bununla yanaşı, rayon icra hakimiyyəti tərəfindən yaradılan mobil qrupların üzvləri Abşeronun kənd və qəsəbələrini bir-bir gəzərək Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, ciddi karantin rejiminin tətbiqi, COVID-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə-təbliğat işləri aparırlar.
Mobil qruplar səsgücləndirici qurğular quraşdırılmış avtomobillərlə, post patrul maşınlarının və məscidlərin səsucaldıcı qurğuları vasitəsilə sakinlərə karantin rejiminin tələblərinə riayət olunması ilə bağlı gün ərzində bir neçə dəfə çağırışlar edilir. Xüsusi maarifləndirici materiallar hazırlanaraq, Xırdalan şəhərində, eləcə də qəsəbə və kəndlərin ərazisində olan çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, avtobus dayanacaqlarına, ərzaq mağazaları və apteklərə vurulub.